RUH ADAMI | “Öləndə mənimlə birgə 20 nəfər də öləcək” - FOTOLAR, VİDEO

RUH ADAMI | “Öləndə mənimlə birgə 20 nəfər də öləcək” - FOTOLAR, VİDEO
  06 İyul 2013    Oxunub:4008
“Ramiz Rövşən olmasaydı, mənim ürəyim partlayardı”
Onu görəndə anladıq ki, söhbətə jurnalist kimi, konkret suallarla başlaya bilməyəcəyik. Axı əks təqdirdə heç o da danışa bilməyəcəkdi... Elə onun ruhundan çıxış edərək başladıq söhbətə. Ondan, ruhundan, özünü tapmağından, tapmamağından... O - Rövşən Nicat, mahnılarını dinləyərək özüylə, ruhu ilə tanış olduğumuz insan...

Onun fikrincə, kişilər 30 yaşında çatır kamilliyin astanasına, son nöqtəyə...

-Elə əsas da o nöqtəni tapmaqdır. Ancaq bununla da iş bitmir, ordan sonra da yeni qapılar açılır. Kamil insan gərək bir qapının cəftəsindən yapışsın, öz yolunu tapsın. Bax onda insan rahatlaşır, özünü tapır. Vay o gündən ki, eyni vaxtda bir neçə qapını açasan. Hər qapının arxasındakını görmək istəyəsən. Bu mənada bəzən mən dəli olmaq dərəcəsinə çatıram.

-Bəs hansı qapı arxasında özünüzü görə bilirsiniz, hiss edirsiniz ki, burdakı məhz mənəm?

-Lap uşaq vaxtımdan maraq dünyam o qədər genişdir ki... 6-cı sinifdən gitar əlimdədi, müəllimim olmayıb, özüm yavaş-yavaş əsgərlikdə öyrənmişəm. Rəsm kursuna getmişəm, paralel fotoqraflıqla da maraqlanmışam, zərgərliklə məşğul olmuşam. Ona görə də, hərdən fikirləşirəm ki, mən öləndə mənimlə birlikdə 20 nəfər də öləcək, amma hamısı kamil olmayacaq. Əsas sənətim rejissorluqdur, musiqi isə hobbimdir, amma musiqi olmasa, mənim ürəyim partlayar. Gitar həyatda ən yaxın dostumdur.
O vaxtlar “Youtube” portalı yoxuydu, amma mən 20 ildən çoxdur ki, yazıram, oxuyuram. Məsələn, mənim 91-ci ildə yazdığım “Səni gözləyirəm” adlı mahnım 2009-cu ildə 3 nominasiyada mükafat alıb. Şükür ki, indi saytlar, sosial şəbəkələr var, tanınıram.

Mən şöhrətpərəst deyiləm, sadəcə istəyərəm ki, xalq mahnılarımı eşitsin. Nə yaxşı ki, insanların belə mahnılara da ehtiyacı var.
Əvvəllər sevgidən, məhəbbətdən oxuyurdum. Bilmirəm yaşla bağlıdır, yoxsa nədir, son 3 ildir ki, tamam başqa şeylər düşünüb, yazıram. Ramiz Rövşənlə dost olub, onu tam olaraq bilənə, duyana qədər əziyyət çəkirdim. Onun şeirləri mənim mahnılarıma həyat verdi, rahatlıq tapdım.

Amma birdən Ramiz Rövşən də məni sakitləşdirə bilmir. İçimdə bir üsyan var. O üsyanı bəzən Ramiz Rövşən də dindirə bilmir.

-Üsyanınız nəyədir elə?

- Nə bilim, bəlkə də, haqqa çatmaq, Onu tapmaq üsyanıdır. Hələ onun düsturunu qura bilməmişəm. Hər kəsin içində özünün məni, özünün Allahı var. Amma mən Tanrını dərk eləyirəm, Onunla nəfəs alıram, ən yaxın dostum da, sevdiyim də Odur.

“Kiminsə başının ağası olmağı sevmirəm”

-Bəs Rövşən Nicat özü kimdir?

-1968-ci ildə İmişli rayonunda anadan olmuşam, orta təhsilimi də orda almışam. Sonra Baki Mədəni Maarif Məktəbi, əsgərlik, sonra da 6-7 ay işsizlik. Bir dəfə təsadüfən küçədə tələbə yoldaşımla rastlaşdm, o , məni Dovlet Televiziyasinin “Səhər” kanalına gətirdi. Daha sonra könüllü hərbi proqramlar redaksiyasına getdim, sonra döyüşlər, cəbhə bölgələri... Atəşkəsdən sonra 2000-ci ilə qədər belə davam elədim, sonra yoruldum... O vaxtdan elə maarifçilik redaksiyasına keçdim. Ümumiyyətlə, bir yerdə çox qalmağı, qəlibə salınmağı, özüm də kiminsə başının ağası olmağı sevmirəm. Elə ailəmdə də belədir, nəzarəti əldə saxlamaq şərti ilə onlara sərbəstlik verirəm.

30 yaşa qədər gələcəyini, yaşam düsturunu həll eləmək lazımdır. Bir yaş dövrü var ki, o yaşa kimi onları sərbəst buraxmalısan ki, özləri öz yollarını seçsinlər. Mən uşaqlarımla dostam, hər sözlərini mənə deyə bilirlər.

-Sizin öz valideynləriniz necə, sizə o sərbəstliyi vermişdimi?

-Mən valideynlərimdən çox şeyi əxz eləmişəm. Bizim evimiz 9 qonşunun yığıncaq yeri olub. Mülayimlik, qonaqpərvərlik, dostsevərlik onlardan gəlib mənə. Sadə bir ailədə böyümüşəm, atam sürücü, anam evdar qadın olub, amma çox savadlı, dünyagörüşlü qadın idi.

Yaşayıb-böyüdüyüm kənd verib mənə o duyumu. Elə şeylər var ki, şəhər adamları yaza bilməz onu. Şəhərdə dinamika, dolanbaclar, səs-küy...Şəhər adamlarından duyğulu, sentimental yazanlar az olur. Kənd adamlarının bir üfüqü, nöqtəsi var, ora qədər düşünürlər həmişə... O nöqtəyə çatmaq çətindir, hələ çata bilməmişəm özüm də...

“Nə isə çatmır, amma bilmirəm nə...”

-Bəs ora çatmaq üçün nə lazımdır?

-Kamillik... Çoxlu fəlsəfi, dini kitablar oxuyursan, amma sonda hamısı bir şeyi diqtə edir-kamilliyə çatmağı. Kamilliyə çatmaq üçün də mütaliə lazımdır, boş-boşuna olmur bu. Əslində mən hər şeyi tapmışam, nə isə başqa şey çatmır. Yəqin ki, o da bayaq dediyim kimi, Tanrıya çatmaq-ibadətdir. O ibadətə də hələ başlamamışam.

-Cahil insan elə bilir ki, hər şeyi bilir, rahat olur. Bu mənada çox oxumaqdan, çox dərinə getməkdən qorxmursunuz?

-Yaradıcılıqda, incəsənət aləmində belə bir düstur olur. Belə ki, hər bir sənətin ibtidai, idrak, bir də ali mərhələsi var. Məsələn, uşaq hərfləri yazmağı öyrənir, artıq o, öz xəttini tapanda dərk etməyə başlayır. Bir də var ki, ali mərhələ, bu, artıq nə isə yaratmaqdır. Yəni artıq hər şeyin içinə girmisən və özün yarada bilirsən. Bunlar arasında ən çətini idrak mərhələsdiir. Çünki bu mərhələdə insan elə hesab edir ki, hər şeyi bilir. Bu gün Azərbaycanda sənət adamların 90%-i idrak mərhələsindədir. Müəyyən nöqtəyə çatandan artıq çiyinlərinə daşıya biləcəklərindən artıq yük götürürlər. Yazığım gəlir onlara... Elə insanlar var ki, ölənə qədər o idrak mərhələsini keçə bilmirlər.

Bu gün Azərbaycanda məni qane edən sənət işi yoxdur. İstər film, istər musiqi... Mən hər şeyin yaxşısını, alisini sevirəm. Məsələn, hər filmə baxa bilmirəm. Mənim özümün ilahi bir rejissorum var –Tarkovski. Sonra Məcid Məcidi, Keorostami...

Deyirlər sənnət azaddır, amma elə deyil, sənət sənətdir. Mən götürüm karandaşı, əyri bir xətt çəkim ki, bu, mənim sənət əsərimdir, baxın, anlayın. Əgər o sənət nəsə demirsə, o, artıq sənət deyil, faciədir...

-Nicat təxəllüsünü necə götürmüsünüz?

-Əsgərlikdə ruslardan gitar çalmağı öyrəndim, qayıdandan sonra Dərnəgüldə yataqxanada qalırdıq. Elə yayda orda balkonda çalıb oxuyurduq, əl çalan kim, fit çalan kim... O vaxt türk müğənnisi vardı, Necat Alp. Çox sevirdim onu, elə o vaxtdan o adı özümə təxəllüs götürdüm. Oğlumun adını da Nicat qoymuşam. Məntiqi mənada isə musiqilərimin mənim üçün nicat mənbəyi olmasıdır. Mənim heç vaxt professional sənətə gəlmək fikrim olmayıb. 90-cı illərdə böhran dövründə restoranlarda çalıb-oxuyurdum. Yataqxanada bədii rəhbər Rakif müəllim vardı, ansambl yaradıb məni də çağrıtdırmışdı. Getmək istəmirdim, amma əl çəkmədi. Elə o əlçəkməyn, bu əl çəkməyən, gəldim bu sənətə... Çox yaxşı qarşılanırdı konsertlərimiz, 90-cı illərdə insanlar musiqiyə həsrət idilər. Sonra müharibə başladı, ansambl dağıldı. Amma o vaxtlarda mənim televiziyada mahnılarım səslənirdi və məni daha çox hərbi mahnıların bəstəkarı və ifaçısı kimi tanıyırdılar.


-Ramiz Rövşən olmasaydı, yenə belə mahnılar yarada bilərdiniz? O, sizin üçün kimdir?

-Ramiz Rövşən mən özüməm. Ramiz Rövşən mənim şeir yazmaq arzumun üstündən xətt çəkən insan... Mənim bu günə qədər yazmaq istədiklərimin hamısını yazıb. Mən ona görə heç nə yaza bilmirəm. İndi səslənən mahnılarım ki var, onların musiqisi lap çoxdan vardı. Amma sözlərini tapmamışdım. İçimdə oxuyurdum, amma o istədiyim cümlələri qura bilmirdim. Ramiz Rövşəndə tapdım onları. Ramiz Rövşənin sözlərinə mahnı yazmaq çox çətindir. Özü də deyir ki, Rövşən mənim şeirlərimin musiqi obrazıdır. Onun sözlərinə yazdıqlarım mahnı deyil ki, ruhdur, ruhun nəğmələridir. Ramiz Rövşən olmasaydı, mənim ürəyim partlayardı. Ona görə də, insanlar elə hiss edirlər ki, mənim dilim yox, ürəyim oxuyur. İnsanlar yeknəsəklikdən doyublar, başqa şey istəyirlər. Mənim özümə təsir edən bir mahnı yoxdur. Yalnız muğamlarımızdır, bir də Röyanın bəzi mahnıları. Muğam ifaçılarından Şahmalı Kürdoğlu, Yaqub Məmmədov, cavanlardan Ehtiram ...

Alim Qasımov isə Ramiz Rövşən başqa formasıdır. O, bütün çərçivələri sındırır.

-Bir var bir insanı hamı dinləyir, hamı oxuyur. Bir də var ki, o insanın yaratdıqları hamı üçün deyil. Bəs sizin dinləyiciləriniz kimlərdir?

-Sizə bir əhvalat danışım. Şahmalı Kürdoğlunun bir pərəstişkarı var idi, hansı toya, məclisə getsə, o da gedərmiş. Bir dəfə küçədə Şahmalıyla rastlaşır. Deyir, ay Şahmalı müəllim, sənə qurban olum, elə gözəl oxuyursan ki, gecə-gündüz sənə qulaq asıram. Amma Füzulidən oxuyursan, heç nə başa düşmürəm. Bizim başa düşdüyümüz sadə dildən oxu da, sənin qadan alım. Şahmalı da deyir ki, sənin başın Füzuli üçün deyil, sənin başın onun üçündür ki, yumurtanı qabıqlı yeməyəsən, çəngəli gözünə soxmayasan, səhər evdən çıxanda axşam qayıda biləsən. Bax, mənim musiqim də o başlar üçün deyil. Onları içində Allah eşqi, həyat sevgisi olan, duyğusu, dəliliyi olanlar məni başa düşə bilərlər.

Hər gün mahnı yazmaq mənlik deyil. O qədər yığılır-yığılır, sonda da partlayır. Həmin o an gərək gitar yanımda olsun. Ona görə də, gitarımı özümlə gəzdirirəm. Məsələn, Yaşar Nuriyə həsr olunmuş “Baxma” mahnısı da belə anların birində yaranıb. Studiyada “İlahi” mahnısının səsyazması gedirdi, gördüm ürəyim sıxılır, qalxdım yuxarı. Ramiz Rövşənin kitabını açdım, o şeir çıxdı. Ətrafımda daima bir problem, gərginlik yaradıram. O sıxıntılarla yaşayıram, istəsəm ataram, amma özüm yaradıram o daxili problemləri. Biganə qala bilmirəm. Əzabı sevirəm...

- Bəs kimin üçün oxuyursunuz, özünüz, Allahınız üçün, yoxsa?..

-Özüm üçün, öz ürəyim üçün. Allah bu beyni sənə verib, nə qədər istəyirsən inkişaf etdir. Allahın mənim musiqimə ehtiyacı yoxdur. İnsanların mənim musiqimə ehtiyacı var. Bax, təzad da budur. Allahın yaratdığı bəndəni sənin musiqin ruhlandırır, həyat tərzini dəyişir, duyğulandırır. Bu mənada siz haqlısınız, sənət Allah üçündür.

- Deyəsən, insan gözdən-könüldən uzaqda olanda daha gözəl sənət əsəri yaradır...

- Bir şey var ki, bir məclis olsun, orda 1-2 nəfəri ruhu mənə yaddırsa, o məclisdə nə rahat ola bilirəm, nə də oxuya... Ən böyük arzum da odur ki, balaca bir akustik ansamblım olsun, onlarla kiçik konsertlər verim. 50-100 adam olsun, amma məni anlayan, duyan insanlar olsun. Tarixən də belə olub. Mənim kumirlərim olan Vısotskiy, Tsoy da heç vaxt kütlə üçün, çoxluq üçün oxumayıblar.

- Görünən qədər, rəsm də çəkirsiniz. Bəs rəsm çəkməyə nə vaxt üz tutursunuz?

-Rəsm çəkmək həmişə olmur. Tam olaraq bilirsiniz, nə vaxt çəkməyə başladım? 2004-cü ildə işləmək üçün Moskvaya getmişdim, SSRİ yazıçılarının istirahət evində qalırdım. Meşənin içi, quşların səsi...onda kağız, karandaş aldım, başladım yavaş-yavaş ağ-qara şəkil çəkməyə. Sonra keçdim digər rənglərlə də işləməyə. Düzdür, rənglərlə bağlı problemim var. Amma əsas odur ki, ürəyimdən keçəni çəkə bilirəm. Heç rəsmdə də hələ öz yolumu tapa bilməmişəm. Ən çox bilirsiniz, əsasən nə vaxt rəsm çəkirəm? Oruc tutanda...

-Bəs sizin dünyanız nə rəngdədir?

-Ağ-qara.

-Özünüzü çatdırmaqda, anlaşılmaqda çox çətinlik çəkirsiniz?

- Mən kimsə “salam” verəndə artıq bilirəm ki, onunla danışmaq olar. Yoxsa yox. Mən başa düşüldüyüm yerdə danışıram, yoxsa danışmıram. Mənim ətrafında məni anlamayan insan yoxdur. Bilirəm ki, kimin yanında danışmaq lazımdır, kimin yanında susmaq. İstədiyim adamlara istədiyim şeyi çatdıra bilirəm. Adam var istəyirsə, onun üçün saatlarla oxuyuram. Adam da var ki, gəlib deyir “Bir şey oxu daaa”, artıq o “daaa”dan bilirəm ki, o mənim mahnımı anlayası deyil, bunu nəyəsə görə istəyir.

Sonra Rövşən Nicat keçmişindən, bütövlükdə o zamanlar üçün darıxdığından danışır: “Əslində o vaxtlar hər şey çox bəsit idi, amma çox fərqli idi. Adicə filmləri də...”

-Elə kişiliyi də deyirlər ki, ağ-qara filmlərdə qaldı. Maraqlıdır ki, çoxlarının “papaq”la ölçdüyü kişiliyi siz nədə görürsünüz?

-Kişilik çox böyük anlamdır. Ən birinci imandır, səxavətdir. Sağ əlin verdiyini sol əl bilməməlidir, kişi elədiyini deməz. Kişilik vətənini, ailəni sevməkdir. Kişilik yaxşı dost olmaqdır. Əsas imandır, imansız bir insanla mən nə isə danışa bilmirəm.

-Özünüzün hələ film çəkmək fikriniz yoxdur?

-İki film ideyam var. Amma Azərbaycanda hazırkı şəraitlə, büdcəylə onları reallaşdırmaq mümkün deyil. Sənət aləmində hardasa öz hörmətim, özüməməxsus imzam var. Elə-belə iş görüb o imzanı korlamaq, hörmətdən düşmək istəmirəm. Həm də humanist insanam deyə bir şey yoxdursa, heç kimin qəlbini qırmıram ki, bu, niyə yoxdur? Nəticədə də özümü uçuruma aparıram. O uçurum da mənim işimdə özünü göstərir. Bu “Yoxdur” sözü bilirsiniz nə qədərdir? O yoxdur, bu yoxdur. Amma arzularım var, çoxdur...

-İçinizdə deyilməyən söz çoxdur?

-Hə, çoxdur, həddindən artıq çoxdur... Özümü çox tənha hiss eləyirəm. Çox darıxıram, çox... Evə gedirəm evdə darıxıram, işə gəlirəm işdə darıxıram. Bilmirəm nə edim?.. Bilmirəm nə üçün, kim üçün darıxıram...

“Mənə bəsdi yaşadıqlarım...”

-Deyəsən, siz də o adamlardansınız ki, xoşbəxt olsanız, yaşaya bilməzsiniz...

-Hə, xoşbəxtlik mənim üçün deyil. Birdən kövrəlirəm, niyəsini bilmirəm... Dərd axtarıram elə bil qidalanmaq üçün. Allah da dərdi çəkməyi bacarana verir. Mən bu dünya üçün yaşamıram və hərdən fikirləşirəm ki, günü bu gün ölsəm, peşman olmaram. Mənə bəsdi yaşadıqlarım, gördüklərim, gəzdiklərim, yediklərim. Özümdən sonra da qoyacağım nə isə, kimsə var. Uşaqlarımı da elə tərbiyə etmişəm ki, onlar özlərinə həyat qura biləcəklər, adımı pis etməyəcəklər.

-Bəs imanlı bir insan hələ ibadət etmədən bu dünyadan köçməklə necə razılaşa bilir?

-Düzdür, amma hələ qorxuram ibadətə başlamağa. İndiki dövrdə imanı əldə saxlamaq çətindir. Ona düzgün əməl edəcəmsə, başlamalıyam. Hələ o ilk addımı ata bilmirəm, yəqin ki, Allah məsləhət bilmir. Amma Allaha çox yaxınam, çox... Mən uşaqlıqdan azan səsiylə oyanmışam, kəlmeyi-şəhadətlə yatmışam. Allah mənim içimdədədir, Ona üzümü tuturam, dua edirəm. Ruhən həmişə ibadətdəyəm, hər yaxşı işimdə Ona minnətdaram, hər yaxşı adam tanımağıma görə də. Elə sizin gəlişinizə görə də...

- Maraqlıdır, gitardan başqa ən sevdiyiniz əşyanız hansıdır?

-Onun kimi əzizi yoxdur... Ondan sonra karandaş. Antik əşyalar yığmağı da sevirəm. Artıq montajdan da yorulmuşam, çəkilişdən də. Bircə yaxşı filmə baxıb dincəlirəm.

-Ən sevdiyiniz filmlər hansılardır?

- “Nostalgiya”, “Ağlayan söyüd”, “İlahi rəng”, “Sərçələrin nəğməsi”, “Pianino”.

“Bax belə şeylər məni sındıra-sındıra gedir...”

- Bəs Ramiz Rövşəndən başqa oxuduğunuz şairlər varmı?

-Musa Yaqub, Məmməd Araz, Zakir Sadatlı. Amma Ramiz Rövşən qədər mənim ruhuma yaxın ikinci bir şair yoxdur, oxuya bilmərəm onun kimi. Təsəvvür edə bilmirəm ki, kimsə onun kimi yaza bilər. A. Sakurov kimi dahi bir rejissor “İlahi rəng”ə baxandan sonra deyib ki, əgər mən film çəkməzdən əvvəl bu filmə baxasydım, film çəkmək arzumun üstündən xətt çəkərdim. Bax o şeylər məni məhv elədi. Sevgi haqqında elə bir mahnı yazmaq istəyirdim ki, Müslüm Gurses “Kalbim” mahnısıyla o istəyimi əlimdən aldı. Bax belə şeylər məni sındıra-sındıra gedir. Bir tərəfdən Ramiz Rövşən, bir tərəfdən Məcid Məcidi... O insanlara qarşı qəlbimdə qibtə qarışıq böyük bir sevgi var.

-Bu qədər əzabkeş bir insan olaraq dünyaya bir daha gəlsəydiniz, yenə də bu insan olmağı seçərdinizmi?

-Əlbəttə... Neçə dəfə gəlsəydim də, yenə bu insan olardım. Başqa cür təsəvvür edə bilmirəm ki, necə olmaq olar, nə olmaq olar. Bu, özünü sevmək deyil. Amma yenə də özüm olardım, yaradıcı olardım...





Sevinc Fədai
Leyla Əliyeva
Fotoqraf: Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti